Search

HƏKİM XƏBƏRDARLIĞI!

Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir. Bu fikir Milli Məclisin Səhiyyə komitəsinin sentyabrın 25-də keçirilən iclasında deyilib. Qeyd edilib ki, təkcə Azərbaycanda yox, bütün dünyada ürək-damar xəstəlikləri ölüm səbəbi kimi birinci sıradadır.

Bəs ürək-damar xəstəliklərinin hansı əlamətləri var və ondan necə qorunmaq olar?

www.teleqraf.com -un suallarını kardiocərrah, uzman doktor Anar Əmrah cavablandırıb.

- Həkim, dünyada və Azərbaycanda ürək xəstəliklərdən ölənlərin statistikası həyəcan doğurur. Bu xəstəliklər niyə cavanlaşıb?

- Bu, həqiqətən günümüzün ən aktual mövzusudur. Dünyada hələ də ölüm hadisələrinin başlıca səbəbi ürək və qan-damar xəstəlikləridir. Bunun bir çox səbəbi məlumdur, amma əlimizdə olan və olmayan səbəblər də var. Məsələn, bir səbəb irsiyyətdir ki, onu tam aradan qaldırmaq mümkün deyil. Amma ailəsində ürək-damar xəstəlikləri olan insanlar əcdadlarına görə daha şanslıdırlar ki, xüsusi diqqət edərək, sıx-sıx müayinədən keçməklə, qidalanmaya, müalicəyə fikir vermək hesabına daha uzun ömür yaşaya bilərlər.

50 il əvvəl daha erkən yaşda infarktdan, insultdan ölən insanlar vardısa, bu gün biz ağıllı tərpənərək, tez-tez müayinələrdən keçməklə onun qarşısını ala bilərik.

- Ürək-damar xəstəliklərinin artdığını yəqin praktikanızda da hiss edirsiz...

- Günümüzdə ürək-damar xəstəlikləri həqiqətən artıb. Yaxın zamanda 40 yaşında polis mayorunu əməliyyat elədim, 4 damarını dəyişdim. Çünki bu yaşda ürək-damar xəstəsi olmaq, açıq ürək əməliyyatı keçirmək təhlükəlidir.

Belə xəstələr bizə də maraqlıdır, onlardan yaşam tərzini soruşuruq ki, görək xəstəliyi yaradan səbəblər nələrdir. Stress birinci faktordur, stress ürəyi bitirir. Ona görə də sresdən uzaq durmaq lazımdır.

- Xəstəliyin əlamətləri hansılardır, nədən bilmək olur ki, bizdə ürək xəstəliyi riski var?

- Əslində kiçik şikayətlərlə ürək bizə vaxtında xəbərdarlıq edir. Yəni oturanda təngnəfəslik yaranır, sinədə göynəmə, yanğı, ağrı kimi şikayətlər varsa, artıq bu insanlar gözləməsinlər, tez həkimə müraciət etsinlər. Bu, çox ciddi problemlərin kiçik xəbərdarlığı ola bilər. Elə insanlar da var ki, şanssızdırlar, onların ürəyi xəbərdarlıqsız tutur və dayanır.

- Necə önləyici tədbirlər görməliyik?

- Vaxtaşırı kompleks müayinədən keçmək, özünü yoxlatmaq lazımdır. Check-up müayinədə ürəyə qulaq asırıq, sonra qanda yağlılığı öyrənmək üçün qanı müayinədən keçiririk, qanda xolesterin və lipidlərin qan yağlarının miqdarını təyin edirik. Əgər böyrək, qaraciyər, zobda problem varsa, bu da ürək xəstəliyini artıran və yaradan səbəblər ola bilər.

Kardioqrama, exo və stress-test dediyimiz yöntəmlə, yəni ürəyi 10 dəqiqəlik yükləyərək bir problemin olub-olmadığını təyin edirik. Xüsusən irsiyyətində ürək-damar xəstəlikləri varsa, daha erkən yaşlarda, yoxdursa, ümumiyyətlə 35 yaşdan sonra ildə bir dəfə ürək həkimində müayinədən keçmələri məsləhətdir.

- Həkim, yaşayışımızda nələrə diqqət etmək lazımdır?

- Siqaretin, təmiz hava olmayan böyük şəhərlərdə yaşamağın ürək xəstəliyi üçün riski var. Açıq havada həftədə beş gün, ən azı 45 dəqiqə yürüş çox önəmlidir. Yaxud mərtəbələri lift yerinə pilləkənlə qalxmaq daha faydalıdır. Normal yuxu da çox vacibdir. Təbii qidalarla qidalanmaq vacib şərtlərdəndir. Konserv, kolbasa, sosiska, qarışıq qidalar, Kola, Fanta kimi içkilər çox ciddi zərərlidir. Hətta meyvə suyunu da çox tövsiyə etmirik.

- Bəzən artıq çəkili insanların da ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi görünür...

- Artıq çəki ürəyə, oynaqlara mənfi təsir edir, bu zaman qanda yağın miqdarı yüksək olur ki, bu da insulta gətirib çıxara bilir. Tövsiyə edirəm ki, hər kəs özünü çəksin və bir yerə yazsın. İnsan özünə diqqət etməsə ildə 2 kilo çəki alır. 60 yaşına gələndə ortalama 40 kilo çəki artmış olur. Çəkiyə diqqət göstərməyi, yağlı, şəkərli, duzlu yeməklərdən uzaq durmağı tövsiyə edirik.

Əvvəllər saatı oyanmaq üçün qururdular, indisə onu yatmaq üçün qurmalarını istəyirik. Vaxtında yatmaq önəmlidir. Tam yuxu almış insan üçün gün daha uğurlu keçir və stress daha az olur.


450 views